“Bu savaşa baxanda deyirəm: kaş ki…” - VƏTƏN MÜHARİBƏSİNƏ I QARABAĞ DÖYÜŞLƏRİNDƏN BAXANLAR

13:24 12.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Həftə içi” 1-ci Qarabağ müharibəsi döyüşçülərinin bugünün Vətən Müharibəsinə ötürdüyü nəsnələrə mayak olmaq üçün yeni bir rubrika ilə görüşünüzə gəlir.

Biz bu gün ötən döyüşlərdən əsgər xatirələrinin dili ilə danışacağıq. Görəcəyik ki, "Vətən Müharibəsinə 1-ci Qarabağ döyüşlərindən baxan o əsgər” kimdir və bu günün əsgəri kimdir… Onun qorxmazlığının, bugünkü qalibiyyətimizin nüvəsinə ötürdüyü enerjinin, ənənənin əsasında nə dayanır"...

Ordumuzun qələbədolu günlərini böyük şükranlıqla, mübarizlik əzmi ilə izləyənlərdən biri qonağımız, keçmiş döyüşçü, İqtisad Universitetinin prorektoru, hüquq üzrə fəlsəfə doktoru, Laçın rayonunun Qovuşuq kəndində dünyaya gəlmiş Mikayıl Zeynalovdur.

Mikayıl müəllim deyir:

– Azərbaycan Dövləti müstəqillik illərinə ilk qədəm qoyduğu vaxtdan bədnam qonşularımızın və onların havadarlarının torpaq iddiası ilə üz-üzə qaldı. O zaman, dünyada və süquta uğramış SSRİ-dən ayrılan respublikalarda, həmçinin Azərbaycanda gedən ictimai-siyasi prosesləri və siyasi prosesləri düzgün qiymətləndirməyi bacarmayan şəxslərin Azərbaycanda hakimiyyətə gəlməsi ölkəmizi fəlakətə sürükləyirdi. Hakimiyyət uğrunda gedən siyasi çəkişmələrdən istifadə edən ermənilər isə öz havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməyə başladılar. Həmin döyüşlər zamanı on mindən çox qəhrəman Azərbaycan oğulları vətən uğrunda Şəhidlik zirvəsinə yüksəldi, minlərlə qəhrəman oğullarımız xəsarət alaraq sağlamlığını itirdi, bir milyona yaxın vətəndaşımız öz dogma torpaqlarından didərgin düşdü.

…Azərbaycan Dövləti öz müstəqilliyinə qovuşanda Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə gətirilsəydi, o zaman torpaqlarımız işğal olunmaz və bu qədər şəhidlər verməzdik.

Bu gün başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında qalmış ərazilərimiz düşmən tapdağından təmizlənərək ərazi bütövlüyümüz bərpa olunur. Bu savaşa baxanda deyirəm: - kaş ki, bu keçən illər ərzində vətən həsrəti ilə həyatını itirmiş soydaşlarımız bu sevincli günləri görmüş olaydılar və şükr edirəm ki, torpaqlarlarımız işğaldan azad olunmaqla ərazi bütövlüyümüz təmin olunur.

Bugünün savaşı 1-ci Qarabağ müharibəsindən fərqlənir

Bugünün Qarabağ müharibəsi, o Qarabağ müharibəsindən fərqlənir. O zaman yeni yaradılmış ordunun maddi-texniki təminatı çox acınacaqlı vəziyyətdə idi. Bizim arsenalımızda olan silahlar köhnə və yararsız vəziyyətdə idi. Ermənilərə isə havadarları tərəfindən maddi-texniki dəstək verilməklə yanaşı, ən müasir silahlar pulsuz olaraq verilirdi. Bu da müstəqilliyini yeni qazanmış, təklənmiş, maddi imkanları yox səviyəsində olan ölkəmiz üçün faciə idi. Tanka və topa qarşı ov tüfəngi ilə, ən yaxşı halda isə avtomat silahı ilə mübarizə aparılırdı.

Hal-hazırda isə cənab Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Azərbaycan Silahlı Qüvvələri dünyanın ən inkişaf etmiş ölkələrinin silahlı qüvvələri arasında birinci əllilikdə yer almışdır ki, bu da hər bir azərbaycanlı kimi məni də qürurlandırır. Bu gün ən müasir silahlarla təchiz olunmuş Azərbaycan ordusu düşmənə layiqli cavab verməklə torpaqlarımızı işğaldan azad edirlər.

“Ermənilər atəşkəsə razılıq verməyə məcbur oldular”

Ulu öndər Heydər Əliyev ikinci dəfə xalqımızın təkidli, tələbi ilə Azərbaycan rəhbərliyinə gəldikdən sonra orduda vahid komandanlıq yaranmağa başladı. Bunun nəticəsində 1994-cü ilin yanvar ayının 4-dən 5-nə keçən gecə Azərbaycan silahlı qüvvələri əks hücuma keçərək işğal altında olan Füzuli rayonunun 22 kəndini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini düşmən tapdağından azad etdi. Bununla da ermənilər atəşkəsə razılıq verməyə məcbur oldular. Həmin döyüşlər, igid övladlarımıza hər bir çətin və imkansızlıq şəraitində belə vətəni daha da sevməyi və bu yolda şəhidlik zirvəsinə yüksəlməyin şərəf olduğunu anlamaq imkanı verdi.

“Şəhid olan dostlarımı unuda bilmirəm”

Bu döyüşlərdə ilk dəfə 1994-cü ilin yanvar ayının 4-dən 5-nə keçən gecə əks-hücum nəticəsində işğal altında olan torpaqlarımızı geri alarkən keçirdiyim sevinc hisslərini və bu döyüşlər zamanı şəhid olan dostlarımı unuda bilmirəm. Düşünürəm ki, heç vaxt unutmayacağam. Mənim qəhrəmanım Ulu Öndər Heydər Əliyev və Cənab Ali Baş Komandan İlham Əliyevdir. Hesab edirəm ki, məni çox yaxından tanıyan insanların qəhrəmanıyam.

Vətən hər zaman müqəddəsdir. Dünənə qədər, bu gün və həmişə Vətən sevgisi tükənməyəcək. Düşmən tapdağı altında olan torpaqlarımız azad olunduqca, Vətən borcumuzun yerinə yetirildiyini düşünürəm.

Əlbəttə ki, bir döyüşçü, əsgər hər şeydən əvvəl dövlətçiliyimizi və Vətənimizin bütövlüyünü düşünür. Eyni zamanda mən bu gün doğulduğum yerlərdən uzaq olduğum illərimə heyfsilənirəm.  Bu döyüşlər bizə çox şeyi xatırlatdı. Öyrətdi ki, sahib olduğumuz hər şeyi, xüsusilə də Vətənimizi sevmək azdır. Onun hər qarışına sahib çıxmaq və onu göz bəbəyi kimi qorumaq lazımdır. Bu gün hər kəs öz üzərinə düşən işləri yerinə yetirməklə yanaşı vətən qarşısında olan öhdəliklərini də yerinə yetirməlidir. Düşməndən qisasımızı tam almaq üçün mən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçmişəm və Azərbaycanımızın ərazi bütövlüyü uğrunda müqəddəs mübarizədə döyüşə qatılmağı səbirsizliklə gözləyirəm. Tezliklə işğal altında olan torpaqlarımızın hamısını Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edəcəyik və gözü yollarda qalan vətənimiz öz övladlarına qovuşacaq.

Bir şeyi heç vaxt unuda bilmirəm... 1994-cü ilin aprel ayının 21-də hazırda düşmən tapdağından azad edilmiş Horadiz kəndi yaxınlığında gedən ağır döyüşdə mən və 10 il mənimlə bir sinifdə təhsil almış dostlarım Vüqar, Həbib və dayımoğlu Həmid düşmən tankının atdığı mərmi partlayışı nəticəsində eyni vaxtda xəsarət almışdıq. Lakin, mən aldığım xəsarətdən sonra düşdüyüm vəziyyətlə əlaqədar olaraq onların həmin partlayışdan Şəhid olmalarını 6 aydan sonra bilmişəm...həmin gün keçirdiyim acı hissləri heç vaxt unuda bilmirəm...